Sloveniya telekommunikasiya həllərinin Azərbaycanın dəmir yolu infrastrukturuna inteqrasiyasına kömək edəcək

Sloveniya telekommunikasiya həllərinin Azərbaycanın dəmir yolu infrastrukturuna inteqrasiyasına kömək edəcək Sloveniyanın “Kontron” şirkəti və Azərbaycanın “BestComp” şirkəti Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində çərçivə sazişi imzalayıblar.
İKT
17 aprel 2025 13:41
Sloveniya telekommunikasiya həllərinin Azərbaycanın dəmir yolu infrastrukturuna inteqrasiyasına kömək edəcək

Sloveniyanın “Kontron” şirkəti və Azərbaycanın “BestComp” şirkəti Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində çərçivə sazişi imzalayıblar.

Bu barədə “Report”a “Kontron”un kommunikasiya həlləri üzrə satış direktoru Robert Zlatanov məlumat verib.

"Biz regionun ən böyük sistem inteqratorlarından biri olan “BestComp” ilə çərçivə sazişi imzaladıq. Sənəd dəmir yolları, sənaye, neft-qaz və telekommunikasiya sektorları üçün telekommunikasiya həlləri kimi sahələrdə əməkdaşlığı əhatə edir", - o qeyd edib.

Satış direktorunun sözlərinə görə, saziş uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.

"Biz uzun müddət ərzində potensial layihələri müzakirə edərək böyük bazar potensialının olması qənaətinə gəlmişik.

Onlar bizim avadanlığımızı alacaqlar, lakin biz sadəcə texnika təchizatçısı deyilik. “Kontron” layihələrin həyata keçirilməsi üçün zəruri olan xidmətlərin tam spektrini təqdim edir. “BestComp”un əsas töhfəsi onun yerli sistemlərlə bağlı dərin biliyi və ixtisaslı IT mütəxəssisləri olacaq. Bizim həllərimiz onların kompleks layihələrinə - o cümlədən dəmir yolu infrastrukturu sahəsində layihələrə inteqrasiya ediləcək. Əməkdaşlıq təkcə avadanlıqları deyil, həm də tətbiqlərin, platformaların istifadəsini, hər iki şirkətin ekspertlərinin birgə işini əhatə edir", - o izah edib.

R.Zlatanovun sözlərinə görə, saziş bir sıra perspektivli istiqamətləri ehtiva edir.

"Biz Azərbaycan bazarında artıq 20 ildən çoxdur ki, fəaliyyət göstəririk, burada bizim nümayəndəliyimiz var. Əvvəllər şirkət “Iskratel” adlanırdı, lakin bir neçə il əvvəl “Kontron” qrupunun tərkibinə daxil olub. İndiyə qədər Azərbaycandakı fəaliyyətimiz əsasən telekommunikasiya sahəsində cəmləşmişdi. İndi biz dəmir yolları, sənaye və neft-qaz sektoru kimi sahələrdə də iştirakımızı genişləndirmək istəyirik. Bu istiqamətlərdə “BestComp” bizim mühüm və perspektivli tərəfdaşımızdır", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi