Amerikalı sahibkar İlon Mask bu gündən “Twitter” şirkətində ixtisarlara başlayacaq.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, şirkətdə işçilərin ixtisarının tezliklə başlanması ilə bağlı bəzi əməkdaşlara elektron məktublar göndərilib. Nəşr məktubdan sitat gətirilib: "Twitter”i düzgün yola salmaq üçün qlobal işçi qüvvəmizi azaltmaq kimi çətin prosesdən keçəcəyik. Biz etiraf edirik ki, bu, “Twitter”ə dəyərli töhfələr vermiş bəzi şəxslərə təsir edəcək. lakin təəssüf ki, şirkətin tanıtımında uğur əldə etmək üçün belə bir addımın atılması zəruridir”.
İxtisarların həcmi barədə məlumat verilmir.
Oktyabrın 27-də İlon Mask “Twitter”i satın almaq üçün müqavilə bağlayıb. Oktyabrın 31-də ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumat bazasında yerləşdirilən sənədlərə əsasən, Mask şirkətin direktorlar şurasını ləğv etməyə hazırlaşır.
Mask “Twitter”i aldıqdan dərhal sonra şirkət rəhbərliyində təmsil olunan bir neçə nəfəri işdən çıxarıb. Daha sonra “Bloomberg” sahibkarın işçilərini demək olar, yarıya qədər ixtisar etməyi planlaşdırdığını bildirib.