Tiranada etirazların miqyası böyüyür, tələbələr nazirliklərə hücum ediblər – yenilənib

Digər ölkələr
  • 15 oktyabr, 2026
  • 04:10
Tiranada etirazların miqyası böyüyür, tələbələr nazirliklərə hücum ediblər – yenilənib

Tiranada tələbələrin təşkil etdiyi və digər vətəndaşların da qoşulduğu etiraz aksiyası genişmiqyaslı zorakılıqla nəticələnib.

"Report"un Balkan bürosu xəbər verir ki, nümayişçilər dövlət qurumlarına hücum edib, biznes obyektlərini dağıdıb və binalara od vurublar.

Səhər saatlarında başlayan etiraz aksiyası gün boyu davam edib. Etiraz zamanı dövlət və özəl mülkiyyətlərə ciddi ziyan vurulub. Təhsil Nazirliyinə və Dürres küçəsi boyunca yerləşən biznes obyektlərinə hücum etdikdən sonra nümayişçilər Millət Şəhidləri bulvarına doğru hərəkət ediblər. Tirananın mərkəzini Baş nazirin ofisi ilə birləşdirən marşrut boyunca etirazçılar müşahidə kameralarını, svetoforları və reklam lövhələrini sındırıblar.

Daha sonra nümayişçilər Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat və İnnovasiya Nazirliyi, eləcə də Albaniya Bankı da daxil olmaqla bir neçə dövlət qurumuna hücum ediblər. Etirazçılar həmçinin baş nazirin ofisinə fişənglər və "Molotov" kokteylləri ilə hücum etməyə cəhd göstəriblər. Lakin polis onların qarşısını alıb. Gərginlik artdıqca polis əməkdaşları izdihamı dağıtmaq üçün müdaxilə edib, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər. Albaniya Dövlət Polisi bildirib ki, Tiranada keçirilən etiraz aksiyası zamanı 14 polis əməkdaşı xəsarət alıb, indiyədək 35 nəfər polis nəzarətinə götürülüb.

Etirazçıların Əkiz Qüllələrdə yerləşən biznes obyektlərinə də hücum edərək bir neçə obyektə ziyan vurduğu bildirilir. Digər bir qrup parlamentin Rəyasət Heyətinin binasının qapısını sındıraraq içəri daxil olub, fişənglər atıb və məşəllər yandırıb. Nəticədə binada yanğın baş verib.

Məlumata görə, gənc etirazçıların başqa bir qrupu Elbasan küçəsinə doğru hərəkət edərək zibil qutularına od vurub, Lana çayı boyunca yerləşən svetoforlara və metal maneələrə ziyan vurub. Bu isə avtomobillərin hərəkətində problemlərə səbəb olub. Polis müdaxilə edərək bir neçə etirazçını saxlayıb.

Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha isə bildirib ki, Tiranada keçirilən etiraz aksiyası zamanı baş verən zorakılıq və əmlakın dağıdılması görüntüləri ölkənin beynəlxalq nüfuzuna və Avropa İttifaqına üzvlük yolunda sabitlik mesajına xələl gətirir: "Albaniya Avropa İttifaqına doğru irəliləyiş yolunda mühüm addımlar atıb, beynəlxalq səviyyədə daha çox etimad və hörmət qazanıb, sabit, təhlükəsiz, qonaqpərvər və getdikcə daha cəlbedici ölkə imici formalaşdırıb.

Məhz buna görə də zorakılıq, əmlakın dağıdılması, dövlət qurumlarına və ya diplomatik nümayəndəliklərə hücum görüntüləri məyusedici və qəbuledilməzdir. Bunlar nə bugünkü Albaniyanı, nə də sabah qurmağa çalışdığımız vətəni təmsil edir. Beynəlxalq imicimiz illər və onilliklər ərzində böyük səylər hesabına formalaşıb, lakin ona asanlıqla xələl gətirmək mümkündür.

Dövlət qurumlarına, ictimai və ya özəl mülkiyyətə qarşı zorakılıq görüntülərinin hər biri sabitlik mesajını zəiflədir, Albaniyanın turistlər və investorlar üçün təhlükəsiz ölkə kimi qəbul edilməsinə zərər vurur, həmçinin Avropa İttifaqına üzvlük istiqamətində irəliləmək üçün ümumi imkanlarımıza kölgə salır və şübhələr yaradır. Narazılığın ifadə olunması və dinc etiraz demokratiyanın tərkib hissəsidir, zorakılıq isə deyil. Heç kim hamımıza məxsus olan bir sərvətə - Albaniyanın adına və nüfuzuna zərər vurmamalıdır".

Qeyd edək ki, etirazçılar aksiya çərçivəsində universitetlərdə təhsil şəraitinin yaxşılaşdırılmasını, ali təhsil xərclərinin azaldılmasını, tələbələrə daha çox maliyyə dəstəyinin göstərilməsini və məzun olduqdan sonra iş imkanlarının yaxşılaşdırılmasını tələb edirlər. Onlar, həmçinin siyasi tələblər irəli sürərək, ilk növbədə hökumətin istefasına çağırış edirlər.

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar.

"Report"un "Politico" nəşrinə istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin binasının birinci mərtəbəsində yanğın baş verib.

Nümayişçilər binaya daş və yandırıcı qarışıqlar olan butulkalar atıblar. Polis isə cavab olaraq gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Etirazçılar təhsil haqlarının həddindən artıq yüksək olması, maliyyələşdirmə çatışmazlığı və gənclər arasında kütləvi işsizlik problemlərinin həllini tələb edirlər.

Nümayişçilər Baş nazirin ofisinin qarşısında da "Molotov kokteylləri"ndən istifadə ediblər.

Albaniya polisi iğtişaşlar zamanı altı hüquq-mühafizə orqanı əməkdaşının və bir qadın jurnalistin xəsarət aldığını bildirib. Aksiya iştirakçılarından 23 nəfər saxlanılıb.

44 - Tezliklə