Dövlət Agentliyi: "IT SkillSprint" maksimum fokus, ciddi yanaşma tələb edir
- 16 fevral, 2026
- 12:10
"IT SkillSprint" proqramı azərbaycanlı tələbələrdən maksimum fokus və ciddi yanaşma tələb edəcək.
"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova "IT SkillSprint" proqramının açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu gün ölkədə "IT SkillSprint" kimi təşəbbüslərə böyük ehtiyac var: "Proqrama seçilən tələbələr üçün böyük fürsət yaradılıb. Bu mərhələyə gəlmək üçün artıq ciddi seçim prosesindən keçmisiniz, əziyyət çəkmisiniz. Amma onu da açıq deməliyəm ki, əsas məsələ bundan sonra başlayır. Bu proqram sizdən maksimum fokus və ciddi yanaşma tələb edəcək. Ümid edirik ki, 123 nəfərin hamısı proqramı uğurla başa vuracaq".
Ü.Səttarova vurğulayıb ki, bu proqram azərbaycanlı tələbələrə yalnız texniki bilik verməyəcək: "Onlar əcnəbi mentorlarla işləmək imkanı qazanacaqlar. Bununla bağlı ikinci məsələ isə şəbəkələşmədir. İndi siz təkcə öz qrupunuz və universitetinizlə məhdudlaşmırsınız. Digər universitetlərdən seçilmiş, bu sahəyə ciddi marağı, potensialı olan tələbələrlə bir araya gəlirsiniz. Bu əlaqələr gələcək əmək fəaliyyətinizdə çox böyük rol oynayacaq".