Azərbaycanın əsas tədarük bazarlarından mobil telefon idxalı kəskin azalıb

İKT
  • 31 may, 2022
  • 09:28
Azərbaycanın əsas tədarük bazarlarından mobil telefon idxalı kəskin azalıb

Bu ilin ilk 3 ayında Azərbaycana xaricdən 57,893 milyon ABŞ dolları dəyərində 309 min 992 ədəd mobil telefon gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 36 % azdır.

Hesabat dövründə Çindən 36,299 milyon ABŞ dolları dəyərində 190 min 102 ədəd, Vyetnamdan 13,390 milyon ABŞ dolları dəyərində 83 min 893 ədəd, Hindistandan 7,714 milyon ABŞ dolları dəyərində 35 min 456 ədəd, Koreyadan 470,24 min ABŞ dolları dəyərində 525 ədəd, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 15,97 min ABŞ dolları dəyərində 14 ədəd cihaz alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Çindən tədarük müvafiq olaraq 12,6 % və 30,3 % azalıb, Vyetnamdan – 45,5 % və 50 % azalıb, Hindistandan – 11,5 % və 19,2 % azalıb, Koreyadan – 22,4 dəfə və 35 dəfə artıb, ABŞ-dan – 65,5 % və 55,6 % artıb.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (14) gətirilən 1 milyon 580 min 836 ədəd mobil telefonun 56 %-i Çinin, 36 %-i Vyetnamın payına düşüb.