Azərbaycan Respublikasının Prezidenti
"Report" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, uzunluğu 40 kilometr olan yol üçüncü və dördüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 7-8 metr arasında dəyişən yolda iki hərəkət zolağı var. Bu yolun tikintisi dövlətimizin başçısının ötən ilin fevralında imzaladığı Sərəncama əsasən həyata keçirilib. Ümumilikdə 32 min əhalini əhatə edən 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 21 milyon manatdan çox vəsait ayrılıb. Bu yol həmin yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələrdən biri də Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisidir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.