“Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi haqqında qərarında da deyildiyi kimi sərnişin daşınma üzrə fəaliyyət göstərən avtobusların salonunda olan sərnişinlərin icazələrinin olub-olmamasına qədər yoxlanılacaq. Təəssüf ki, sərnişinlər çağırışlarımıza məhəl qoymurlar”.
“Report” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
O, dünən ərzində ölkənin regionlarında sərnişin daşınma üzrə müşahidə edilmiş göstəriciləri açıqlayıb: “Gəncədə, Sumqayıtda, Şəkidə, Şirvanda, Salyanda, Tovuzda, Qazaxda və Bərdədə həddindən çox sərnişin sıxlığı müşahidə edilib. Bizim məqsədimiz regionlarda sərnişin daşınmasının 95%-lik azalmasına nail olmaq idi. Belə ki, ötən gün Gəncədə 4 min, Sumqayıtda 48 min, Lənkəranda 1 500, Mingəçevirdə isə 1 400 sərnişin daşınıb. Bununla yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahın çağırışlarına əməl edən regionlar da var:" Lerikdə sərnişin daşınması 100%-lik azalma müşahidə edilib. Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Xızı, Sabirabad kimi regionalarda sərnişin daşınmasında tamamilə sıxlıq aradan qaldırılıb.
Xatırladaq ki, aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb.