Yuxarı

Beynəlxalq audit şirkəti güzəştli mənzillərin II seçim prosesinin şəffaf keçdiyini təsdiq edib

Bakı. 8 fevral. REPORT.AZ/ Bu il yanvarın 25-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. 

"Report" xəbər verir ki, bu barədə MİDA-nın açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, "Güzəştli mənzil” sistemi “SOC 2” və “SOC 3” rəylərinə uyğun olaraq müstəqil beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) tərəfindən öncədən tam nəzarətə götürülüb və sistem üzərində davamlı olaraq müşahidə aparılıb. Bununla yanaşı, sistemin əlaqəli fəaliyyətini təmin etmək məqsədi ilə MİDA-nın inzibati binasında qurumun, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzinin və Regional Data Mərkəzinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"-nin nümayəndələrindən ibarət operativ qərargah yaradılıb. Eyni zamanda, aidiyyatı qurumların məsul şəxslərindən ibarət xüsusi işçi qrup MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətlərinin operativ cavablandırılmasını təmin edib.

Seçim prosesi başa çatdıqdan sonra "Ernst & Young" şirkəti sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edib və ötən gün “Güzəştli mənzil” sisteminin fəaliyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesinə öz müsbət rəyini təqdim edib.

Təqdim olunmuş rəyə əsasən, mənzillərin seçimi zamanı təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services”, Güvənli xidmət” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara və “Güzəştli mənzil” sisteminin Əsasnaməsində qeyd edilən məqsəd və prinsiplərə (mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün mənzil seçimi prosesində bərabər şəraitin yaradılması, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi və istifadəçilərin müraciətlərinin real vaxt rejimində qeydə alınması) əməl olunması təsdiq olunub.

Xatırladaq ki, Yasamal Yaşayış Kompleksində satışa çıxarılan 174 mənzili seçən vətəndaşlardan 16-sı mənzili öz vəsaiti hesabına, 158-i güzəştli ipoteka krediti hesabına mənzilləri əldə etmək niyyətindədir. Seçim edən şəxslər arasında yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyaları 41%, yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər kateqoriyaları isə 59% təşkil edir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi