Astara yük terminalından rekord həddə yükaşırma əməliyyatı həyata keçirilib

Astara yük terminalından rekord həddə yükaşırma əməliyyatı həyata keçirilib Bu ilin noyabr ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” MMC, operator olduğu Astara yük terminalından rekord həddə yükaşırma əməliyyatı həyata keçirib.
İnfrastruktur
9 Dekabr , 2019 13:09
Astara yük terminalından rekord həddə yükaşırma əməliyyatı həyata keçirilib

Bu ilin noyabr ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” MMC, operator olduğu Astara yük terminalından rekord həddə yükaşırma əməliyyatı həyata keçirib. 

"Report" bu barədə şirkətə istinadən xəbər verir. 

Məlumata görə, bu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində yükdaşımalarının həcminin artırılması nəticəsində mümkün olub.

Belə ki, Azərbaycan-İran sərhədi yaxınlığında və qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalı vasitəsi ilə noyabr ayında 40 472 ton yük aşırılıb ki, bu da bu vaxta qədər 1 ay ərzində aşırılan yüklərin həcmində rekord göstərici hesab edilir. Bu vaxta qədər, Astara terminalından aşırılan yüklərin həcmi 30 min tondan artıq olmayıb. Müqayisə üçün onu da bildirək ki, ötən ilin noyabr ayında bu göstərici 27 031 ton təşkil etmişdi. Bu isə hazırda aşırılan yüklərin həcmində 33 % artım olduğunu göstərir. 

Onu da qeyd edək ki, 2018-ci il ərzində Astara terminalı vasitəsi ilə 263 976 ton yük daşınıbsa, 2019-ci il 11 ayı ərzində bu göstərici 329 676 ton təşkil edib. Azərbaycandan tranzit kimi nəql olunan yüklər, həm Rusiyadan İrana həm də əks istiqamətində daşınan yüklərdir. Buların arasında əsasən, taxta və taxta məmulatları, dənli bitkilər, tikinti materialları və meyvə-tərəvəz yükləridir. 

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara terminalının inşasına 2016-cı ildə start verilib, 2018-ci il mart ayında tikintinin birinci fazası yekunlaşdırıldı. Yükaşırma əməliyyatları isə terminalda 2018-ci ilin fevral ayından həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi