Tbilisidə Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunmuş tədbirdə Azərbaycan rəqsi təqdim olunub

Tbilisidə Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunmuş tədbirdə Azərbaycan rəqsi təqdim olunub Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümumdünya Mədəni Müxtəliflik Günü qeyd olunub.
İncəsənət
21 May , 2019 22:50
Tbilisidə Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunmuş tədbirdə Azərbaycan rəqsi təqdim olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümumdünya Mədəni Müxtəliflik Günü qeyd olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi Konsert Zalında “Dünya xalqları rəqsləri” adlı konsert proqramı keçirilib.

Konsertdə Suxişvili adına Gürcüstan Milli Baleti gürcü rəqsləri ilə yanaşı Azərbaycan, Ukrayna, Bolqarıstan, Polşa, İsrail və digər ölkələrin xalq rəqslərini təqdim edib. Rəqs nömrələri hər ölkənin milli rəqs geyimləri, musiqi ritmləri və rəqs elementlərindən istifadə edilməklə tamaşaçılara nümayiş etdirilib.

Tədbirdə çıxış edən Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze mədəni müxtəlifliyin ölkənin əsas xüsusiyyətlərindən biri olduğunu deyib.

O qeyd edib ki, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq Gürcüstan üçün çox önəmlidir:

“Bütün dünyada mədəniyyət diplomatiyasının daha effektiv olduğunu görürük. Bu diplomatiya dünyada sülhün yaradılmasına töhfə verir”.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Aparatının dəstəyi ilə keçirilmiş tədbirdə hökumət rəsmiləri, diplomatik korpus və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 21 may tarixi 2003-cü ildən etibarən Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi