Yuxarı

Ankarada Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının premyerası olub

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri və KİV nümayəndələri iştirak edib

Bakı. 15 May. REPORT.AZ/ Ötən gün Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyənin Dövlət Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə Ankara Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının premyerası olub.

Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirdə səfir Faiq Bağırov, diplomatik nümayəndəliyin əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri iştirak ediblər.

Tamaşadan əvvəl F.Bağırov çıxış edərək Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Leyli və Məcnun” operasının Ankara Dövlət Opera və Balet Teatrının repertuarına daxil edilməsinin əhəmiyyətindən danışıb. “Leyli və Məcnun” operasının Azərbaycan musiqi mədəniyyətindəki əhəmiyyəti haqqında söhbət açan səfir, bu ölməz əsərin türk dünyasının birinci operası olaraq tarixə keçdiyini vurğulayıb. Səfir qeyd edib ki, “Leyli və Məcnun” operasının Türkiyə Dövlət Opera və Balet Teatrının Baş İdarəsi ve Azərbaycanın Türkiyədəki səfirliyinin birgə layihəsi olaraq Ankara Dövlət Opera ve Baleti repertuarına daxil edilməsinin Azərbaycan ve Türkiyə arasındakı mədəniyyət sahəsindəki ikitərəfli əməkdaşlığın daha da irəliyə daşınması istiqamətində xüsusi məna ifadə edir.

Rəsmi hissənin ardından tamaşa təqdim olunub. Azərbaycanlı rejissor Əflatun Nemətzadə tərəfindən yüksək pəşəkarlıqla hazırlanmış opera gurultulu alqışlarla qarşılanıb və tamaşaçılarda xoş təəssürat yaradıb.

Premyerada orkestrı isə tanınmış azərbaycanlı dirijor Fəxrəddin Kərimov idarə edib.

Sonda, səfirlik tərəfindən layihədə əməyi keçən şəxslərə plaketlər təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi