Bakıda keçirilən “StartupFest 2019” tədbiri çərçivəsində “Dövlət Sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda panel sessiya təşkil olunub.
"Report" xəbər verir ki, bu paneldə dövlət sektorunda rəqəmsal transformasiya və bu sahədə görülən işlər barədə müzakirələr aparılıb. Həmçinin rəqəmsal transformasiyanın dövlət sektorunda tətbiqi, rəqəmsal texnologiyaların yaratdığı perspektivlərin və metodların dövlət idarəçiliyində istifadəsi məsələlərinə toxunulub.
Sessiyada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədr müavini Ceyhun Salmanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, “
Tədbirin moderatoru "ASAN Xidmət"in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov olub.
"StartupFest 2019" Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır. Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir. Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.