Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, "Azerspace-2” peyki orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ ağır daşıyıcı raketi ilə göndərilib.
Buraxılış çərşənbə günü Bakı vaxtı ilə gecə saat 02:29-da start götürüb.
Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.
Bu, "Ariane-5" raket daşıyıcısı üçün yubiley - sayca 100-cü buraxılış olub. Onun göyərtəsində iki əcnəbi telekommunikasiya peyki – "Azerspace-2" və "Horizons 3e" var. Birinci aparat məlum olduğu kimi Azərbaycana, ikinci isə Yaponiyaya məxsusdur.
“Azerspace-2” Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir.
Peyk “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub.
“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.