"Bu il sentyabr döyüşlərində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib".
“Report” xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.
"2022-ci ilin sentyabr ayının 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Erməni təxribatının qarşısını alarkən 80 hərbi qulluqçu şəhid olub, 274 nəfər hərbi qulluqçu yaralanıb", - o vurğulayıb.