Növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib.
Hərbi
12 İyun , 2024 19:33
Növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev məzunları salamlayaraq onları Azərbaycan Respublikasının müdafiə naziri və öz adından təbrik edib.

Gənc zabitlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayan general-polkovnik K.Vəliyev onlara seçdikləri şərəfli yolda xidmətlərini nizamnamələrin tələblərinə uyğun qurmağı, ədalətli olmağı, Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmalarını tövsiyə edib.

Baş Qərargah rəisi “Zabit ixtisas hazırlığı kursu”nu yüksək balla bitirən ilk üç dinləyiciyə sertifikatları təqdim edib. Daha sonra Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov çıxış edərək gənc zabitləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Gənc zabitlər adından çıxış edən leytenant İbrahim Əliyev, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində uğurla tətbiq edəcəklərinə, üzərlərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz verib.

Sonra “Zabit ixtisas hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə xatirə lövhəsi vurulub.

Son xəbərlər

Orphus sistemi