"Türkiyənin "Öztek Tekstil Terbiye A.Ş." şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır".
Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Vurğulanıb ki, bəzi kütləvi informasiya vasitələrində Türkiyənin "Öztek Tekstil Terbiye A.Ş." şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb: "Bildiririk ki, Müdafiə Nazirliyi adıçəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır".