Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, gəmilərin baza məntəqəsindən çıxışından qabaq keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib.
Təlimin əsas məqsədi müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.
Təlimdə Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HDQ-nin bölmələri tərəfindən enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətlər praktiki yerinə yetiriləcək.