Hadrutdakı hərbi hissənin komandosu: Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə daim hazırıq

Hadrutdakı hərbi hissənin komandosu: Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə daim hazırıq Azərbaycan Ordusunun Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinə mediatur təşkil olunub.
Hərbi
24 İyun , 2024 10:23
Hadrutdakı hərbi hissənin komandosu: Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə daim hazırıq

Azərbaycan Ordusunun Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə mediatur təşkil olunub.

"Report" xəbər verir ki, mediatur zamanı jurnalistlər hərbi hissənin şəraiti ilə tanış olublar, onlara buradakı silah-sursat, qidalar, hərbi qulluqçuların geyim forması və məişət şəraiti barədə məlumat verilib.

Azərbaycan Ordusunun Komando mənsubu leytenant Real Cəfərov buradakı silahlar barədə məlumat verib.

O bildirib ki, RPG 40 mm-lik fərdi silahı düşmənin səngərlərində, yamac arxalarında olan canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub:

"Çəkisi 6,3 kiloqram olan bu silah Azərbaycan istehsalıdır. Avtomatik qumbaraatandır və uçuş məsafəsi 1000 metrdir. Digər silah isə Azərbaycan istehsalı olan İstiqlal silahıdır. Düşmənin ehtimal olunan snayperlərini vurmaq üçün nəzərdə tutulub. Silahın uçuş məsafəsi 7 min metrdir. Çəkisi 35 kiloqramdan çoxdur".

Daha sonra hərbi hissədə istifadə olunan ərzaq məmulatları barədə məlumat verilib. Bildirilib ki, ərzaq normalarına meyvə şirəsi, ət konservləri, süd, hazır salatlar, quru ərzaq dəsti, həmçinin Komando bölmələri üçün ayrılan ləpələr, şokolad, halva, kofe və zeytun daxildir.

Hərbi qulluqçular buradakı gecəgörmə cihazları barədə məlumat veriblər. Qeyd olunub ki, cihazların əksəriyyəti İsrail istehsalıdır və döyüşlərdə uğurla sınaqdan çıxıblar. Bu cihazlar hədəfi aşkarlamaq üçün nəzərdə tutulub. Bildirilib ki, bəzi silahlarda istifadə olunan lazer işıqlarını adi gözlə görmək mümkün deyil, bu cihazlar, həmçinin həmin işığı müəyyən etmək üçün də istifadə olunur.

Gizir İsmayılov hərbi hissədə olan dronlar barədə məlumat verib. O bildirib ki, burada nümayiş olunan "Karqo 2" zərbə dronu düşmənin canlı qüvvəsini məhv etmək üçün təyin olunub:

"Bu cihaz döyüşə tam hazır vəziyyətdə səkkiz kiloqram, əlavə avadanlıqlarla birgə 12 kiloqram olur, döyüş başlığının çəkisi 1,2 kiloqramdır. Cihaz Türkiyə istehsalıdır, Qarabağda antiterror əməliyyatlarında istifadə olunub. Dronu xüsusi kurs keçmiş hərbi qulluqçular istifadə edir. Həmçinin, müşahidə dronları da var. Bu dronlar da gecəgörmə xüsusiyyətinə malikdir, döyüş əməliyyatları zamanı qruplarla hərəkət edərək düşmənin qarşıda olan canlı qüvvəsini müşahidə etmək üçün istifadə olunur".

Hərbi qulluqçu Nurlan Hüseynov bildirib ki, onlar mütəmadi olaraq təlimlər keçir, döyüş bacarıqlarını daha da inkişaf etdirirlər. Onun sözlərinə görə, bu təlimlərin döyüş hazırlığının daha da inkişaf etdirilməsində rolu böyükdür.

"Bir ildən çoxdur müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət edirəm. Antiterror əməliyyatlarında hərbi həkim kimi fəaliyyət göstərərək yaralıların təxliyə edilməsində iştirak etmişəm. Həmin əməliyyatlar başlayan zaman döyüş əmri gələndə biz əmin idik ki, bu döyüşü də uğurla başa vuracağıq. Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə daim hazırıq", - hərbçi deyib.

Daha sonra jurnalistlər hərbi hissədə olan camaşırxana, idman zalı və əsgər yataqxanası ilə tanış olublar, onlara bu məntəqələrin fəaliyyəti barədə məlumat verilib.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi