Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sənədə görə, QSC silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirəcək.
Fərmanla Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilir.