Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb

Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 8-də Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Petrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
8 Oktyabr , 2019 13:22
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 8-də Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Petrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri iki ölkə arasında əlaqələrin inkişaf etməsində dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimad əsasında aparıldığını, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatların cinayət hadisələrinin sayının azalmasına səbəb olduğunu diqqətə çatdıran Müdafiə naziri Respublika Hərbi Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini də qeyd edib.

Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror V.Petrov da iki ölkə arasındakı əlaqələrin tarixi köklərə əsaslandığını, hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.

Tərəflər qeyd ediblər ki, hər iki ölkənin hərbi hüquqşünaslarının səyləri cinayətkarlıqla mübarizənin gücləndirilməsi, qoşunlarda hüquq qaydalarının təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, korrupsiya hallarının istənilən formalarının istisna edilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının və qanuni maraqlarının müdafiə edilməsinə yönəldilib.

Tərəflər həmçinin bu səfərin səmərəli və faydalı, gələcək əlaqələrin isə daimi və sıx olacağına ümidvar olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi