Türkiyə Silahlı Qüvvələri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində mina axtarışı, minatəmizləmə və zərərsizləşdirmə fəaliyyətinə dəstək verməkdə davam edir.
"Report"un xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara açıqlama verib.
Açıqlamada deyilir: "Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyğun hala gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrində bu ölkənin şəxsi heyəti ilə birlikdə təlim fəaliyyətləri davam etdirilir. Naxçıvanda 5-8 oktyabr tarixlərində “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi baş tutacaq".
Kara bildirib ki, təlimin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir:
"Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik".