Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Nazim Zəkərayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Zəkərayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2015-ci il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Radik Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.
N.Zəkərayev Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olunub.
Bu il iyul ayının 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov ömürlük, N.Zəkəriyyəyev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan N.Zəkəriyyəyev apellyasiya şikayəti verib.