Vəkil: AMEA-nın sabiq prezidenti ilə "Şərurlu İsfəndiyar" arasında əlaqə mövcuddur - MƏHKƏMƏ
- 11 dekabr, 2025
- 13:02
İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərov barəsində işlətdiyi ifadələr linqivistik baxımdan təhqir yox, tənqiddir.
"Report"un məlumatına görə, bunu "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyevanın yazılı formada təqdim etdiyi rəydə deyilir.
Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov ekspert Nəzakət Qaziyevadan kiməsə nüfuzunun, şərəfinin və ləyaqətinin olmamasını deməyin təhqir hesab olunub-olunmadığını soruşub.
Nəzakət Qaziyeva cavabında vəkilin dediyi sözlərin ümumişlək olduğunu və təhqir hesab edilmədiyini deyib.
Bu məsələ ilə bağlı təqsirləndirilən İsfəndiyar Axundov bildirib ki, o işlətdiyi ifadələrdə konkret Emil Səməndərovun adını çəkməyib.
Vəkil Asim Abbasov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyevanın verdiyi rəyə etiraz edib. O bildirib ki, ekspertin məhkəmədə dediyi ifadələrlə yazılı formada təqdim etdiyi ifadələr arasında ziddiyyət var:
"Biz eksperti məhkəmədə danışması üçün çağırmışdıq. O, fərqli formada ifadə vermişdi. Neçə gün sonra bizim sual-cavabımıza uyğun fikirləşib yazılı formada rəy təqdim edib. Bu rəylə onun ötən prosesdəki ifadəsi arasında ziddiyyət var. Mən ekspert rəyinin sübutlar siyahısından çıxarılmasını istəyirəm".
Vəkil həmçinin əlavə edib ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun rəhbəri 2021-ci ildə təyin olunub. Asim Abbasov AMEA-nın həmin vaxt rəhbəri olan şəxslə Dilçilik İnstitunun direktoru və İsfəndiyar Axundov arasında əlaqə mövcud olduğunu deyib. O, bununla bağlı məhkəməyə etiraz təqdim edəcəyini bildirib.
Qeyd edək ki, sözügedən dövr ərzində AMEA-nın prezidenti Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev olub.
Hakim vəkil Asim Abbasovun etirazı ilə əlaqədar məhkəmə prosesinin təxirə salınacağını bildirib.
Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli buna etiraz edərək məhkəmə prosesinin məqsədli şəkildə uzadıldığını deyib. Onun sözlərinə görə, məhkəmənin təxirə salınması şikayətçi tərəfinin maraqlarına xidmət edir.
Hakim Vüsal Tağıyev iclasın təxirə salınmasının tərəflərin hüququ olduğunu bildirib və vəkil Asim Abbasovun etirazı ilə əlaqədar prosesin dekabrın 15-nə kimi təxirə salındığını tərəflərin diqqətinə çatdırıb.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Xatırladaq ki, haqqında deyilən sözlərə görə, Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.