Samuxda yerli sakini döyərək xəsarət yetirənlər müəyyən edilib və saxlanılıblar.
"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Kolayır kənd sakini, Mirzaman Əliyevin naməlum şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.
Dərhal Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyə edib.
Araşdırmalar zamanı məlum olub ki, M. Əliyevi rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağının” su krantını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nəriman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Samux rayonunun Füzuli kəndində 25 yaşlı gəncə bir neçə nəfər ağır xəsarətlər yetirib.
"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı M.Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.
Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb. O, daha sonra hadisə olan yerdən sürünə-sürünə kənd sakinlərindən birinin evinin qarşısına gəlib və kömək istəyib.
Məsələ ilə bağlı dərhal polisə və təcili tibbi yardıma məlumat verilib, ağır xəsarətlər alan gənc Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun qulağı tikilib, digər tibbi yardımlar göstərilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
Hadisənin baş vermə səbəbləri hələ ki məlum olmasa da, özünün dediyinə görə 6 nəfər tərəfindən döyülüb.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.