Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin və Azərbaycanın Baş prokuroru Kamran Əliyev Aktauda baş vermiş təyyarə qəzasının birgə təhqiqatında prioritet vəzifələri müəyyən ediblər.
“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
"Rusiya İstintaq Komitəsinin rəhbərinin Azərbaycanın Baş prokuroru ilə telefon danışığı olub. Danışıq zamanı tərəflər birgə təhqiqat planı çərçivəsində prioritet vəzifələri müəyyən edib, gələcək hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər", - qurumun məlumatında bildirilib.
Məlumata görə, rusiyalı müstəntiq və kriminalistlərin Azərbaycan və Qazaxıstanın istintaq-əməliyyat qruplarından olan həmkarları ilə hərtərəfli qarşılıqlı əlaqəsi barədə fikir mübadiləsi aparılıb.
"Rusiya tərəfindən İstintaq Komitəsinin mərkəzi aparatının aviasiya hadisələrinin təhqiqatı sahəsində ən təcrübəli, müasir kriminalistik texnika ilə təchiz edilmiş əməkdaşları işə cəlb olunub", - məlumatda qeyd olunub.
A.Bastırkin bildirib ki, baş vermiş faciənin bütün səbəb və hallarının müəyyən edilməsi məqsədilə istintaq hərəkətləri kompleksi həyata keçirilir.