Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 3 nəfər yaralanıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, mina xəsarəti alan 2 kişi və 1 qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1983-cü il təvəllüdlü şəxsə (kişi) sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
2012-ci il təvəllüdlü şəxsə (qadın) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü şəxsə (kişi) isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri sabitdir.
"Report"un əldə etdiyi məlumata görə, yaralananlar Məmmədov Səbuhi Elman oğlu və övladları – M.D.S və M.E.S-dir.
Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə “Report”a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ANAMA Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 2025-ci il 6 aprel tarixində mina hadisəsi baş verib.
1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl ANAMA, əməkdaşının Cəbrayıl rayonunda minaya düşdüyünü bildirmişdi.