Prokuror "Dostluq" parkı ərazisinin qanunsuz satılmasında təqsirləndirilən şəxsə dair qərardan protest verib

Prokuror "Dostluq" parkı ərazisinin qanunsuz satılmasında təqsirləndirilən şəxsə dair qərardan protest verib Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin edilib
Hadisə
28 İyul , 2017 16:32
Prokuror Dostluq parkı ərazisinin qanunsuz satılmasında təqsirləndirilən şəxsə dair qərardan protest verib

Bakı. 28 iyul. REPORT.AZ/ "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) sabiq rəisi Famil Quliyevin barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı apellyasiya protesti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasına baxılıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin edilib.

Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub. Bir müddətdən sonra T.Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Məhkəmə prosesində T.Hüseynovun barəsində olan ev dustaqlığı ləğv edilərək, həbs qətimkan tədbirinə dəyişdirilib. O, məhkəmə zalında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 7 il 6 ay, F.Quliyev 7 il, T.Hüseynov 7 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə E.Məmmədovun cəzası 7 il 6 aydan 7 ilə, F.Quliyevin cəzası 7 ildən 6 ilə, T.Hüseynovun cəzası isə 7 il 6 aydan 5 il 6 aya qədər azaldılıb.

Daha sonra F.Quliyev Nizami Rayon Məhkəməsinə müraciət edib. O, daha yüngül cəza növü ilə əvəz edilməsi barəsində ərizəsinə baxılmasını istəyib. Məhkəmənin qərarına əsasən, F.Quliyev Məntəqə Tipli Cəza Çəkmə Müəssəsinə keçirilib. Müalicə Müəssisəsində saxlanılan F.Quliyev məhkəmə qərarı qəbul ediləndən sonra azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi