Oğuzda "TIR"ın qəzaya düşməsi nəticəsində bağlanan yol açılıb - YENİLƏNİB-2
- 21 iyul, 2023
- 11:18
Oğuz rayonunda "TIR"ın qəza törətdiyi ərazidə bağlanan magistral yol açılıb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
Onun sözlərinə görə, qəzadan dərhal sonra Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Daha sonra yük avtomobili həmin ərazidən götürülüb və avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
12.02
Oğuz rayonunda "TIR"ın qəza törətdiyi ərazidə magistral bağlandığına görə yolun yardımçı hissəsindən istifadə olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un Şimal-qərb bürosuna bildirib ki, bu gün saat 11 radələrində Qazaxıstan vətəndaşının idarə etdiyi yük avtomobili idarəetmədən çıxıb və nəqliyyat vasitəsinin qoşqusu yolun müəyyən hissəsini bağlayıb.
Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub və avtomobillərin hərəkətində ləngimə olsa da, lakin yol polisi tərəfindən yolun yardımçı hissəsindən də istifadə edilməklə nəqliyyatın axını təmin edilir.
Hazırda yük avtomobilinin həmin ərazidən götürülməsi və avtonəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması istiqamətində tədbirlər görülür.
11:30
Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi "TIR" qəzaya düşüb, magistral yol bağlanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, xarici vətəndaşın idarə etdiyi 254 AFM 05 Qazaxıstan dövlət qeydiyyat nişanlı "TIR" markalı yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə "TIR"ın bir neçə metrlik uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.
Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.