Bakı. 18 oktyabr. REPORT.AZ/ Lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin əmanətçisi-mülkiyyətçisi tərəfindən Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ərizəsi əsasında məhkəmə qərarından apellyasiya şikayəti verilib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 21-nə təyin edilib.
İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Parabank” ASC-nin bank lisenziyası ləğv edilib. 22 iyul 2016-cı il tarixdən lisenziyası ləğv olunmuş bankın MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata “Parabank” ASC-nin məcburi ləğvi və Əmanətlərin Sığortalanması Fondunun 24.07.2016-cı il tarixdən etibarən bankın ləğvedicisi təyin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəni təmin edib. Həmin qərardan narazı qalan “Parabank” ASC-nin əmanətçisi-mülkiyyətçisi Həbib-Zadə Vəfa Həbib oğlu apellyasiya şikayəti verib.