Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Murad Əskərzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Əskərzadə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci ilin iyul ayının 19-u saat 01 radələrində Lənkəran şəhər sakinləri - 1998-ci il təvəllüdlü Ruslan Rahmanov və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
İlkin araşdırmalarla 1992-ci il təvəllüdlü M.Əskərzadənin Lənkəran şəhəri, Sahil küçəsində şəxsi münasibətlər zəminində aralarında baş verən münaqişə zamanı üzərində olan bıçaqla R.Rahmanovu qəsdən öldürməyə cəhd etməsinə, onları ayırmağa çalışan M.Məmmədova isə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
M.Əskərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.