İrandan Azərbaycana 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 68 kiloqram 275 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Belə ki, dekabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 56 kiloqram 575 qram narkotik vasitə (7 kq 45 qr heroin, 49 kq 120 qr marixuana, 410 qr metamfetamin), həmçinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 11 kiloqram 700 qram marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.