Cəlilabadda 100-ə yaxın sakinin yaşadığı bina qəzalı vəziyyətdədir

Cəlilabadda 100-ə yaxın sakinin yaşadığı bina qəzalı vəziyyətdədir Cəlilabad şəhərində 43 il bundan əvvəl tikilən ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətə düşüb.
Hadisə
25 Avqust , 2022 15:21
Cəlilabadda 100-ə yaxın sakinin yaşadığı bina qəzalı vəziyyətdədir

Cəlilabad şəhərində 43 il bundan əvvəl tikilən ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna bina sakinləri məlumat verib.

Bina sakinlərinin sözlərinə görə, bir neçə ildir ki, qəzalı vəziyyət yaranıb:

"Mənzillərdə yaşamaq təhlükəli hal alıb.Tavanlar uçur başımıza tökülür. Binanın əsas sütunları aşmaq üzrədir. Əksər bina sakinləri artıq qorxudan mənzillərini tərk ediblər. Beş-altı ildir demədiyimiz yer qalmayıb".

Sakinlərin bildirdiklərinə görə, günbəgün təhlükəli vəziyyətə düşən binanın sakinləri hər an qorxu içərisində yaşayırlar:

"Dəfələrlə aidiyyəti üzrə qurumlara müraciət etsək də şikayətlərimizə baxan olmayıb. Bir neçə il əvvəl binanın dam örtüyü yenilənsə də bina heç bir zaman əsaslı təmir edilməyib".

Qeyd edək ki, sözügedən yaşayış binası 1979–cu ildə tikilərək istifadəyə verilib. 16 ailənin yaşadığı yaşayış binasındakı mənzillərin hamısında eyni hal hökm sürür.

Problem ilə bağlı Cəlilabad Mənzil İstismar Sahəsindən bildirilib ki, sözügedən binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar Fövqaladə Hallar Nazirliyinə məktub ünvanlanıb: "Binaya baxış keçirildikdən sonra müvafiq qərar veriləcək. Bina sakinlərinə xəbərdarlıq da edilib".

Son xəbərlər

Orphus sistemi