Bərdədə bacısını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
- 17 dekabr, 2021
- 13:49
Gəncə Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Fəqan Cabbarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report" xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 29-a təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib.
Belə ki, F.Cabbarov 27 yaşlı bacısı Nərminə Behbudovanı yaşadıqları kəndin ərazisindəki əkin sahəsində qətlə yetirib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin iddialara görə, hadisədən bir müddət əvvəl qonşu kənddə ərdə olan N.Behbudovanın ailəsində söz-söhbətlər yaranıb. Ailədaxili narazılıqlar səbəbindən qadın ər evini tərk edərək dayısıgilə gedib. Qardaşı F.Cabbarov bacısını dayısı evindən götürüb öz evlərinə gətirərkən əkin sahəsində taksidən düşürüb. N.Behbudova qaçmaq istədikdə Fəqan ona bıçaqla zərbələr endirib.