"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.
Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib.
İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi, eləcə də cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində tədbirlər davam etdirilir.
2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, 012-361-16-47 nömrəli telefon, habelə [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə əlaqə saxlamaqla dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur.
Əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilmiş şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya edilmiş və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunmuşdur. Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.
Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin Məmmədov Rahib Ramazan oğlu Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda hazırda cəza çəkən Cümşüdov Qurban Qədim oğlu və Ağadadaşov Cavid Zahid oğlunun məhkum edildikləri hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara müvafiq ittiham elan edilib.
Beləliklə, cinayət işləri üzrə icraatın təzələnməsindən ötən müddət ərzində ümumilikdə 17 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, onlardan 12 nəfər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində axtarış elan olunub, 4 nəfər isə başqa cinayətlərə görə cəza çəkmə müəssisələrində cəza çəkdikləri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilməyib.
Əlavə istintaq aparılması üçün prokurorluğun protesti əsasında məhkəmələr tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə və digər cinayətlərə görə məhkum olunmuş 26 şəxs barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq, onlardan 19 şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla, digər 7 şəxs barəsində olan təqibə müəyyən epizodlar üzrə bəraətverici, bir qisim epizodlar üzrə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib.
Həmçinin, Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüklərinə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərarlar qanunsuz və əsassız olduğundan Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən ləğv edilmiş və onlarla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarların qəbul edilməsi təmin ediləcəkdir.
Bununla yanaşı, aparılan istintaq zamanı əldə edilmiş mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edilib.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.