"Baksol" yolunda gəncin kanalizasiyaya düşərək öldüyü ərazinin təmiri üçün material gec ayrılıb - MƏHKƏMƏ
- 17 fevral, 2026
- 12:28
Bakının Nərimanov rayonunda, "Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiyaya düşərək öldüyü ərazidə qəzalı vəziyyətin aradan qaldırılması üçün material gec ayrılıb.
"Report"un məlumatına görə, bu barədə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hadisə ilə bağlı təqsirli bilinən Azər Cümşüdovun prosesində şahid Yaşar Əhmədov deyib.
Əvvəlcə prosesdə zərərçəkənin hüquqi varisi Fəridə Abbasova ifadə verib və hadisə baş verən gün evdə olduğunu bildirib:
"Ondan mağazaya düşməyini istədim, eyni zamanda, zibilləri atmağı da tapşırdım. Oğlum dedi ki, işi var, bir az gec gələcək. Axşam saatlarında yığdım, zəng çatmadı. Ertəsi gün qaynıla birgə polis idarəsinə getdik. Məndən ağız suyundan test verməyimi istədilər. Sonra prokurorluqdan zəng gəldi, Hövsana getməyimizi istədilər. Evə qayıdanda qaynımgilin ağladığını gördüm".
Onun sözlərinə görə, çöküntü baş verən ərazi yaşadıqları evə uzaqdır:
"Oğlumun orada maşın ustası var. Ehtimal edirəm ki, Cümşüd oraya avtomobilini təmir etdirmək üçün gedib. Mən şikayətçiyəm. Oğlumun ölümünə kim səbəb olubsa, cəzasını çəkməsini istəyirəm. Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib. Amma onların qaynımla əlaqələri var".
Təqsirləndirilən Azər Cümşüdov qeyd edib ki, Fəridə Abbasovanın qaynını tanıyır, lakin onun dostu deyil:
"Fəridə xanımın qaynı ilə ayda bir dəfə iclaslarda qarşılaşırıq. Onunla ailəvi münasibətimiz yoxdur".
Proses şahid Yaşar Əhmədovun ifadəsi ilə davam edib və Bakı Su kanal İdarəsində təmir-tikinti şöbəsinin rəisi vəzifəsində işlədiyini deyib:
"Hadisədən əvvəl həmin yerdə məhəccərlər qoyulub, təhlükəsizlik lenti çəkilmişdi. Həmin konstruksiyanı oradan kimin götürdüyünü araşdırmaq lazımdır. Hadisə baş verən ərəfədə oraya özüm yox, Azər Cümşüdov gedib və şəkillərini çəkərək mənə atıb. Təhlükəsizlik ləvazimatları qoyulan əraziyə nəzarət etmək bizim vəzifəmiz deyil, oraya xətt baxıcıları nəzarət etməlidir".
O əlavə edib ki, hadisə baş verən ərazinin təmiri üçün material gec verilib:
"Ərazinin təmiri üçün materialın verilməsi bir aydan çox çəkdi. 2011-ci ildən bu strukturda işləyirəm. Adətən qəza yerlərinin təmiri üçün materialın verilməsi çox çəkməzdi. Bəzən təqdimat yazırsan, növbəti gün material verilir. Bəzən də materialın verilməsi çox çəkir".
Yaşar Əhmədov həmçinin vurğulayıb ki, həmin ərazidə kanalizasiya xəttinin üzərində qanunsuz olaraq mağazalar tikilib:
"Hüquqşünaslarımız mağazaların burada yerləşməsinin təhlükəli olduğunu obyekt sahiblərinə mütəmadi bildiriblər".
Növbəti proses martın 3-də şahid ifadələri ilə davam edəcək.
Qeyd edək ki, 2025-ci il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.