Bakı Ağır Cinayətlər Məhkəməsində Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı keçirilib.
"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ata Abdullayevin vəkili müdafiə etdiyi şəxs barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra Ata Abdullayev çıxış edib və ittihamlarla razılaşmadığını bildirib.
Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.