Bakı. 20 aprel. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə "AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev istintaq dövründə şahid qismində ifadə verib.
"Report" xəbər verir ki, istintaq matreallarına əsasən, A.Abdullayev "AMAY" ticarət mərkəzinin rəhbəri olduğu vaxt - təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadının onun iş yerinə gəldiyini söyləyib.
Onun sözlərinə görə, həmin qadın işçisi Əliyeva Dünyaxanım Yunis qızına pul borcu olduğunu, lakin borcunu qaytarmaq imaknının olmadığını deyib: "Buna görə məndən borcunu qaytarmaq üçün pul istədi. Dilarə adlı qadına kömək edərək indi məbləğini xatırlamadığım miqdarda bir neçə dəfə maddi yardım göstərdim".
A.Abdullayev bildirib ki, həmin Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını deyib: "O məndən həmin şəxsə təzyiq edərək qızı ilə evlənməsinə kömək etməyimi istədi. Bununla razılaşmadım. Daha sonra Dilarə məndən xahiş etdi ki, qızı Aygünü xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Çünkü bu işin üstü açılmasını istəmirdi. Mən isə ona xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığımı söylədim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadiməçi olaraq işə götürdüm, ona 300 manat maaş verirdim. Bir müddət sonra işçilərimdən kimsə mənə Aygünün hamilə olduğunu dedi. O, oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində atası kimi mənim adımın yazdırmaq istədiyini bildirdi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Onun uşağının atası isə başqası olub. Mən Aygünlə heç vaxt intim əlaqdə olmamışam”.
A.Abdullayev ifadəsi zamanı qeyd edib ki, daha sonra A.Akimovanın qız övladı da dünyaya gəlib. O, həmin uşağın doğum haqqında şəhadətnaməsində də ata kimi öz adının yazılmasına razılıq verdiyini deyib: "Bir qədər sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutdum. İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə vedim və daha sonra onu işdən çıxardım. Bundan sonra Aygünü görməmişəm və telefonla da danışmamışam. 2012-ci ildə ildə isə Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adımın yazılmasından narahatlıq keçirdim və rəsmi olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Lakin bu alınmadı. Çünkü bir müddət xaricə getdim, daha sonra da həbs olunduğum üçün işi sona çatdıra bilmədim".
A.Abdullayev dindirilərkən A.Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu deyib. O, istintaqda sualları cavablandırarkən A.Akimovaya öz obyektlərinin nəzarətini tapşırmasını, şirkətinə onun nəzarət etməsini, ona maşın, ev alması haqda deyilənlərin yalan olduğunu bildirib.
Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, polkovniki və vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.
Hazırda cinayət işi üzərə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilir.