Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun gələnilki büdcəsinə rəy verib
- 29 oktyabr, 2026
- 21:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gələnilki büdcəsinə rəy verib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumda növbəti Kollegiya iclası keçirilib. İclasda auditor Vəfa Mütəllimovanın təqdim etdiyi "İşsizlikdən sığorta fondunun gəlirlərinin və xərclərinin (işsizlikdən sığorta ödənişləri və özünüməşğulluq tədbirlərinin təşkili üzrə xərclər istisna olmaqla) auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və agentliyin struktur bölmə rəhbərləri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.
Daha sonra iclasda "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi layihəsinə Hesablama Palatasının Rəyi" müzakirə olunub. Kollegiya üzvləri Rəydə əhatə olunan əsas məsələləri, aparılmış təhlillərin nəticələrini və irəli sürülən tövsiyələri nəzərdən keçiriblər. Müzakirələrin nəticəsində Rəyin təsdiqlənərək Milli Məclisə göndərilməsi barədə qərar qəbul edilib.