Agentlik: Döyülərək körpələr evinə verilən azyaşlı məhkəmə qərarı əsasında ailəsinə qaytarılıb - YENİLƏNİB-2
- 27 avqust, 2025
- 20:59
Valideynləri tərəfindən döyülərək körpələr evinə verilən azyaşlı anasına qaytarıldıqdan sonra yenidən zorakılığa məruz qalıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, körpənin fiziki zorakılığa məruz qalması ilə əlaqədar ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığagötürmə və himayədar ailə" altsisteminə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən müraciət daxil olub:
"Həmin müraciət əsasında uşaq Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı ilə 1 nömrəli Körpələr evinə yerləşdirilib. Daha sonra körpənin anası Sevinc Rəhimova uşağı himayəsinə qaytarmaqla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 11.06.2025-ci il tarixli qətnaməsində azyaşlının anasının himayəsinə verilməsinə qərar verib və uşaq anasının himayəsinə qaytarılıb".
Gülər Seymurqızı
Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.
"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O qeyd edib ki, hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələrə cəlb olunublar. Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, onun Bakı şəhərinə gətirilməsi ilə bağlı tədbirlər görülür:
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ nəzarətə götürülüb. Mərkəzin əməkdaşları tibb müəssisəsində uşaqların yanındadırlar, səhhətiləri ilə yaxından maraqlanırlar. İlkin məlumata əsasən, hadisəni törədən valideyinlər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Baş vermiş hadisə əsnasında valideynlər öz hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməklə yanaşı onların mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verməklə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsini kobud şəkildə pozmuşlar".
O bildirib ki, mövcud vəziyyət isə valideynlərin məsuliyyətə cəlb olunması, habelə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə halı ilə nəticələnir.
Gülər Seymurqızı
Ağdamda valideynləri tərəfindən işgəncəyə məruz qalan körpənin vəziyyəti ağırdır.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, körpə əqli qüsurlu olan hər iki valideyni tərəfindən əvvəllər də işgəncəyə məruz qalıb.
13.09.2023 təvəllüdlü R.M. 2024-cü ildə Ağdam məhkəməsinin qərarı ilə valideynlərindən alınaraq uşaq evinə verilib. Lakin bir müddət sonra Nəsimi rayon məhkəməsinin qərarı ilə yenidən valideynlərinə qaytarılıb.
Azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.