Bakı. 12 sentyabr. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Simeon Slavçev iki həftə müddətinə sıradan çıxıb.
"Report" xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçinin özü "Blik" nəşrinə açıqlamasında bildirib. O, tibbi müayinə nəticəsində ön baldır əzələsində ikinci dərəcəli gərilmənin təsbit edildiyini söyləyib. Slavçev "Qarabağ"ın Azərbaycan Premyer Liqasında "Sumqayıt"la səfər (14 sentyabr), "Qəbələ" ilə ev (23 sentyabr) oyunlarını, Avropa Liqasında isə "Sportinq"lə Portuqaliyadakı ilk tur qarşılaşmasını (20 sentyabr) buraxmalı olacaq.
Orta sahə oyunçusu xüsusən, əvvəllər müqavilə üzrə məxsus olduğu, lakin ona oynamaq şansının verilmədiyi "Sportinq"lə matçda iştirak etməyəcəyindən məyusluğunu dilə gətirib: "Zədələnməyim xoş hadisə olmadı. Lakin ayağımın sınmasındansa, belə kiçik xəsarətlə qurtulmağıma bir qədər sevindiricidir. Meydanlardan iki həftəyədək kənarda qalacağam. Amma "Sportinq"lə ilk görüşdə oynamayacağım üçün çox əsəbiyəm".
Qeyd edək ki, Simeon Slavçev sentyabrın 9-da Bolqarıstan yığmasının Norveçlə keçirdiyi UEFA Millətlər Liqasının oyunundan əvvəl isinmə hərəkətləri zamanı zədələnib.