Fransa PSJ-sinin futbolçusu Neymar əmək haqqının əhəmiyyətli dərəcədə azaldılması şərti ilə “Barselona”ya qayıtmağa hazırdır.
“Report”un “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu Fransada bir il ərzində təxminən 52 milyon avro qazanır. Bu məbləğə PSJ-nin verdiyi maaş, həmçinin Qətər bankının səfiri roluna görə ödəniş də daxildir. "Sambaçı" "Barselona”ya keçəcəyi təqdirdə, onun bankla əməkdaşlığı bitəcək və futbolçu buna görə təxminən 30 milyon avro itirəcək.
Neymar 2017-ci ilin avqustunda PSJ-nin oyunçusu olub. O, kluba 222 milyon avro müqabilində "Barselona”dan keçib. 27 yaşlı hücumçu “parislilər”in heyətində 80 matç keçirib və 69 qol vurub, habelə 39 məhsuldar ötürmə edib.
Neymarın PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.