Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubundan getmək istəmir.
"Report"un məlumatına görə, bu barədə 32 yaşlı hücumçunun özü "Sport" nəşrinə müsahibəsində bildirib.
"Barselona" - mənim evimdir. Getmək yox, qələbələr qazanmaq istəyirəm" deyə kapitan vurğulayıb.
Messinin Kataloniya klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək. Daha əvvəl məşhur forvardın karyerasını MLS-də davam etdirmə variantını nəzərdən keçirdiyinə dair xəbərlər yayılıb. Bildirilib ki, "İnter Mayami"nin sahiblərindən olan Devid Bekhem öz klubuna gəlişinin nə dərəcədə real olduğunu öyrənmək üçün onun meneceri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Lionel Messi 10 qat İspaniya çempionu, Çempionlar Liqası, ölkə kuboku və Superkubokunun qalibidir. O, 11 dəfə Argentinada ən yaxşı oyunçu sayılıb. Messi Çempionlar Liqasında son 20 ilin 50 ən yaxşı futbolçusu siyahısında yer alıb.