Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, lider "Neftçi" "Bakcell Arena"da "Keşlə"ni qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu flaqmanın kapitanı Emin Mahmudov vurub. 27 yaşlı yarımmüdafiəçi 33-cü dəqiqədə cinah ötürməsini başla tora göndərib.
Matçın 65-ci dəqiqəsində cərimə meydançası daxilində Baqoli Daboya qarşı qayda pozuntusu qeydə alınıb və baş hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Penalti nöqtəsinə yaxınlaşan Mahmudov qol vursa da, İnqilab Məmmədov zərbənin təkrarlanmasını istəyib. O, səbəb kimi zərbə zamanı cərimə meydançası daxilinə "Keşlə"nin futbolçularının daxil olduqlarını göstərib. "Neftçi"nin kapitanı ikinci dəfə də zərbəni düzgün yerinə yetirib və hesabı 2:0-a çatdırıb.
Matçın 82-ci dəqiqəsində meydana "Neftçi"nin yeni transferi Canluka Sansone Vanqelis Platellasın yerinə meydana çıxıb. O, Azərbaycan Premyer Liqasında çıxış edən ilk italiyalı futbolçu kimi tarixə düşüb.
Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 37-yə yüksəldərək, liderliyini davam etdirib. 12 xala malik "Keşlə" isə 7-ci pillədə qərarlaşıb.