FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara təcili maliyyə yardımı edəcək.
"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 150 milyon ABŞ dolları məbləğində vəsait dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcək.
Vəsaitin yaxın günlərdə assosiasiyaların hesabına köçürüləcəyi vurğulanıb.
Məlumatda qeyd olunub ki, FIFA üzv assosiasiyalara yalnız müəyyən olunmuş meyarlara cavab verdikdə tam ödəniş edir. Hazırkı durumda isə futbolu qorumaq üçün bu addımın atıldığı bildirilib.
FIFA-nın yaxın günlərdə hər federasiyaya 500 min ABŞ dolları, eyni zamanda 2019-2020-ci illər üçün nəzərdə tutulan vəsaitin qalan hissəsini köçürəcəyi qeyd olunub.
Bildirilib ki, təcili maliyyə yardımı milli assosiasiyalara işçilər və 3-cü şəxslər qarşısında öhdəlikləri yerinə yetirmək üçün verilib.