Bakı. 13 oktyabr. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu Lionel Messiyə yeni müqavilə təklif edəcək.
“Report” “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2022 və ya 2023-cü ilə qədər nəzərdə tutulub.
Kataloniya klubunun yeni maliyyə strategiyasını hazırladıqdan sonra 31 yaşlı argentinalı hücumçuya cəlbedici təklif irəli sürəcəyi bildirilir.
L.Messi ötən il noyabrın 25-də “Barselona” ilə 2020/2021 mövsümünün sonuna qədər müqavilə bağlayıb.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan L.Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 4 dəfə “Qızıl top”a və 5 dəfə “Qızıl buts"a layiq görülüb.