Yenə də 120 dəqiqə oynayıb, penaltilər seriyasına qədər irəliləyə bildilər. Sadəcə, bəxtləri gətirmədi.
Bunu “Report”a açıqlamasında, Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov “Zirə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirdiyi “Şerif”lə (Moldova) oyunun nəticəsi haqqında fikirlərini bildirərkən deyib.
Vaxtilə “Zirə”nin də formasını geyinmiş yarımmüdafiəçi komandanın UEFA Avropa Liqasında mübarizəni dayandırmasının səbəbini bəxtsizliklə əlaqələndirib:
“Fikrimcə, qırmızı vərəqə olmasaydı, oyun fərqli nəticə ilə yekunlaşacaqdı. Səfərdə 1:0 qalib gəlmişdilər. Bakıda da hesabda öndə idilər. Belə oyunlarda meydanda 10 nəfərlə qalmaq işləri korlayır. Qırmızı vərəqəyə qədər rəqibin heç bir həmləsi olmadı. “Zirə” pis müdafiə olunmurdu. Əks-hücumlara çıxırdılar. Qırmızı vərəqədən sonra oyun dəyişdi. Əsas səbəb budur. 10 nəfərlə hücum etmək və müdafiə olunmaq çətindir. İnanıram ki, Konfrans Liqasında mərhələ adlayarlar. Rəqiblərin səviyyəsindən də çox şey asılıdır. Normal rəqiblər olsa, bir-iki mərhələ keçə bilərlər”.