"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır" "Mundialın yeganə özəlliyi noyabrda başlaması və qışda keçirilməsidir"
Dünya Çempionatı - 2022
19 Oktyabr , 2022 14:21
Zirənin legioneri: DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır

"Məncə, bu, böyük yarışda qalib gəlmək baxımından Belçika millisi üçün son şansdır. Çünki bütün müdafiə heyəti, Kevin De Brüyne və Eden Azar artıq qocalır".

Bu sözləri "Report"a açıqlamasında "Zirə" klubunda çıxış edən belçikalı futbolçu Loris Bronyo bu il Qətərdə keçiriləcək dünya çempionatında ölkəsinin milli komandasının şansları barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi seçmənin hər turnirdə olduğu kimi, bu mundialda da qalib gəlmək üçün şanslarının olduğunu bildirib: "Ümid edirəm ki, komanda DÇ-2022-də buna nail olacaq. F qrupunda Kanada, Xorvatiya və Mərakeş kimi yaxşı kollektivlər var. Xorvatiya və Mərakeşdə keyfiyyətli oyunçular çoxdur. Düşünürəm ki, Belçika yığmasını bu millilərə qarşı böyük oyunlar gözləyir".

2018-ci ildə Rusiyadakı dünya çempionatında ölkəsinin bürünc medal əldə etdiyini xatırladan Bronyo qızıl medal qazana bilmədikləri üçün məyus olduğunu söyləyib.

Təcrübəli oyunçu Belçika ilə yanaşı Braziliya və Almaniyanı da yarışın əsas favoriti hesab etdiyini vurğulayıb: "DÇ-2022 ilə bağlı xüsusi planım yoxdur. Bəzi komanda yoldaşlarımla oyunlara evdə baxacağam. Mundialın yeganə özəlliyi noyabrda başlaması və qışda keçirilməsidir".

Yarımmüdafiəçi son olaraq Belçika yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer aldığını xatırladıb: "Azərbaycan millisi son üç görüşdə qələbə qazanıb. Onların bu nəticələrə güvənərək hədəflərinə çatacaqlarına inanıram".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi