Türkiyəli vəkil: "Emreliyə hücumu "Legiya" təşkil edib, bu, erməni təxribatı da ola bilər"

Türkiyəli vəkil: "Emreliyə hücumu "Legiya" təşkil edib, bu, erməni təxribatı da ola bilər" Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə Polşa "Legiya"sı arasında danışıqlar davam edir. İngiltərədən vəkil tutan 25 yaşlı hücumçu məsələnin tezliklə həll olunmasına çalışır. Varşava təmsilçisi ilə cari mövümün əvvəlində imzaladığı 3,5 illik müq
Futbol
2177
12 Yanvar , 2022 09:35
Türkiyəli vəkil: Emreliyə hücumu Legiya təşkil edib, bu, erməni təxribatı da ola bilər
Anıl Dinçer

Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə Polşa "Legiya"sı arasında danışıqlar davam edir. Xaricdən vəkil tutan 25 yaşlı hücumçu məsələnin tezliklə həll olunmasına çalışır. Varşava təmsilçisi ilə cari mövsümün əvvəlində imzaladığı 3,5 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsinə çalışan forvard üçün "Legiya" dəftəri demək olar ki, bağlanıb. Oyunçu azarkeşlərlə bağlı məlum insidentdən sonra Polşaya qayıtmaq niyyətində deyil. Hücumçu bunun üçün hətta FIFA-ya müraciət etməyə belə, hazırdır.

Mahir Emrelinin vəkili Anıl Dinçer "Report"a eksklüziv müsahibəsində "Legiya" və futbolçu arasındakı son durumu dəyərləndirib, həmçinin baş vermiş insidentin detallarını açıqlayıb.

- Nə vaxtdan Mahir Emreli ilə əməkdaşlıq edirsiniz?

- Mahirin "Legiya"ya transferi öncəsi və sonrası agentlərlə bağlı dəyişiklik olmuşdu. Mən onu hər zaman uzaqdan izləyirdim. Çünki həmin vaxt Emrelini Varşavaya aparan polşalı agentlərin də vəkili idim. Hazırkı agentinin də vəkiliyəm. "Legiya"ya keçid dövrünü də diqqətdə saxlayırdım. Amma onunla yanvaradək şəxsi tanışlığımız yox idi. Polşa klubuna ilk xəbərdarlığımızı yanvarın 4-də göndərmişik.

- Bu xəbərdarlıq nə ilə bağlı idi?

- Kluba futbolçunun Polşaya getmək istəməməsinin səbəbini izah etdik. Mahirin ora gəlməsinin həyatı üçün riskli olduğunu bildirdik. Onlar elə bilirdi ki, biz başqa klub axtarırıq, ona görə də futbolçu "Legiya"da məşqə çıxmaq istəmir. Mətbuatda müxtəlif xəbərlər yayılır. Lakin Mahir heç bir klubla danışıq aparmır. O, hələ də "Legiya"nın futbolçusudur. Müqavilə qarşılıqlı və ya birtərəfli olaraq ləğv olunanadək futbolçu heç bir komanda ilə görüşməyəcək. Bu cür xəbərləri kim yayımlayırsa, Mahirə zərər vurur. Belə bir söhbət yoxdur. "Legiya"ya bildirdik ki, bu işi qarşılıqlı razılıq əsasında həll etmək istəyirik. Klubun nəzərinə çatdırdıq ki, sözləşməni birtərəfli şəkildə poza bilərik. Əlimizdə lazımı sənədlər var. Birincisi, Emrelinin döyülməsi ilə bağlı Polşada alınmış həkim rəyi, ikincisi, həm Azərbaycan, həm də Türkiyədə alınmış psixoloq rəyi. Psixoloq rəyində oyunçunun futbola konsantrasiya ola bilməyəcəyi, Polşaya qayıdıb məşqlərə qatılmamalı olduğu açıq yazılıb. Əsas məsələ bunu sübut etməkdir. Hazırlıqlı olduğumuz üçün biz güclü tərəfik.

- Maraqlıdır, qarşı tərəfin sizə cavabı nə oldu?

- "Legiya" da FIFA-ya müraciət etməyə hazırlaşır. Sadəcə, özlərini vicdanlı, mehriban göstərməklə haqlı olduqlarını sübut etməyə çalışırlar. Bizə yazıblar ki, bəli, belə bir hadisə baş verdiyi üçün çox məyusuq. İnsidentdən sonr polislə əlaqə saxladıqlarını və təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təminat aldıqlarını söylədilər. Hətta dedilər ki, Mahir istəsə, Polşada aeroporta endiyi zaman ona şəxsi mühafizəçi ayıracağıq və şəhərdə yanında olacaq. Əslində bunları söyləməkdə məqsədləri özlərini yaxşı göstərməkdir. Halbuki heç birini etməyəcəklər. Həmçinin bir mühafizəçi ilə Mahirin təhlükəsizliyini təmin edə bilməzlər. Çünki "Legiya" azarkeşləri hələ də sosial şəbəkələr vasitəsilə futbolçunu təhdid edir. Bu gün özü ilə bu barədə danışdıq. Yazırlar ki, Polşaya gələndə gününü görəcəksən. Mənim qarşı tərəfə cavabım isə belə oldu: "Deyirsiniz ki, hadisə baş verən gün polis avtobusu müşayiət edirdi. Polis isə həmin vaxt orada olmadığını bildirib". Kimin doğru, kimin yalan dediyi bilinmir. Polisin orada olduğunu əslində biz də bilirik. Məsələ odur ki, polis "Legiya" çağırdığı üçün deyil, orada olmalı olduqları üçün orada idi.

- Bəs, polis orada olduğu halda, azarkeşlər avtobusu necə saxlayıb futbolçuları döyüblər?

- Bu sualı mən də onlara verdim. Polisin müşayiət etdiyi avtobus necə dayandırılıb? Əslində polisin silahı var və onlara mane ola bilər. Lakin heç nə etmirlər, sadəcə, baxırlar. İkincisi, avtobusun qapısını kim açdı? Fanatlar asanlıqla nəqliyyat vasitəsinə daxil olub, futbolçuları vururlar. Üçüncüsü, Mahir 16-cı sırada əyləşib. Bu isə arxa oturacaq deməkdir. Azarkeşlər niyə ön sıralarda oturan futbolçulara heç nə etməyib, arxada əyləşən Emreli ilə Lukinyasa xəsarət yetirirlər? Bundan başqa, niyə ancaq iki legioner futbolçu döyülür, yerlilərə isə heç nə etmirlər? Həmin fanatlar avtobusa bıçaqla daxil olsaydılar, necə olacaqdı? İkinci dəfə belə bir şey baş versə, Mahirin həyatı təhlükə altına düşəcək. Futbolçu deyir ki, hadisə sırf mənimlə bağlı deyil. Anası, bacısı də onunla birlikdə qalır. Bu halda Polşaya necə qayıtsın? Təhlükəsizliyinin təmin olunduğunu hiss etsə, bəlkə də qayıdar, məşqlərə çıxar. Komandanın aşağı sıralarda olması onu maraqlandırmır. Polşadan bizə deyirlər ki, futbol oynamasına qadağa qoyula bilər. İnanın ki, bu da onun vecinə deyil. İlk növbədə, insan həyatı önəmlidir.

- Sadaladıqlarınızdan belə çıxır ki, bu hücumun təşkilində klubun özü maraqlı olub…

- Bununla bağlı əlimizdə konkret sübut yoxdur. Amma hadisənin inkişafı bunu deməyə əsas verir. Hər şey o qədər gülməlidir ki… Polis orada olmadığını deyir, klub əksini. Hər ikisi bir-birini günahlandırır. Məsələ FIFA-ya getdikdən sonra orada bu sualı verəcəyəm: "Polis orada olubsa, azarkeşlər avtobusa necə girib? Polşada fanatlar hüquq mühafizə orqanlarının əməkdaşlarından da üstündür"? Təəssüf ki, mən də bu işi klubun təşkil etdiyini düşünürəm. Niyə? “Legiya”nın tarixi qaranlıqdır. Fikirlərimi çəkdiyim misallarla sübut etdim. Niderlanda gedirlər, azarkeşləri “Ayaks” tərəfdarlarına hücum çəkirlər. “Lester”lə oyun zamanı fanatlar İngiltərə polisinə xəsarət yetirirlər. Bundan başqa, məşq meydançasına girib köməkçi məşqçini, futbolçuları döyürlər. Yəni, bu hal ilk dəfə baş vermir. Klubla azarkeşlər arasında belə bir sistem qurulub. Kimsə “Legiya” klubunun rəhbərliyinə yaxşı dərs verməlidir. Axırıncı hadisədən sonra klubdan heç kim səsini çıxarmır. Mahirə ən çox təsir edən də budur. Deyir ki, mən “Legiya” üçün hər şeyimi verdim, hazırda komandanın ən yaxşı oyunçusuyam, amma insident zamanı avtobusda heç kim reaksiya vermədi. Dəliqanlılıq, kişilik, komanda birliyi də bunu tələb edir.

- Mahir Emreli hazırda 11 qolla “Legiya”nın ən sərrast futbolçusudur. Sizcə, fanatlar niyə məhz komandanın ən yaxşısını hədəf seçiblər?

- Bu sualın cavabını nə biz bilirik, nə də klub rəhbərliyi. Kaş, həmin azarkeşlər gəlsin, bunu onların özlərindən də soruşum. Əminəm ki, onlar da cavab tapa bilməyəcəklər. Fikrimcə, səbəb son vaxtlar Polşada irqçilyin artmasıdır. Fikir verin, hücuma məruz qalanların hər ikisi legionerdir. Bəlkə hər hansı antipatiya və ya gizli bir səbəb var. Bunu bəlkə Mahir bilər.

- Erməni təxribatı ola bilərmi?

- Ola bilər. Amma 100 faiz əmin deyiləm. Avropada əcnəbi vətəndaşlara qarşı artan irqçilik halları da rol oynaya bilər. Bəlkə də müsəlmən olduğu üçün baş verib. Mütləq ortada hansısa səbəb var.

- FIFA-ya nə vaxt müraciət edəcəksiniz?

- Əslində hadisə baş verdikdən dərhal sonra FIFA-ya müraciət olunmalı idi. Amma Mahir vicdanlı davrandı və məsələni klubla həll etməyə çalışdı. Agenti ilə birlikdə “Legiya”ya müraciət etsə də, əvvəlki idman direktoru həmişə bunu təxirə saldı. Heç nə həll olunmadı. Hüquqi prosedurlara başladıqdan sonra fikirlərini dəyişdilər. Çünki onları nəyin gözlədiyini başa düşürlər. 2 gün öncə rəhbərliklə videokonfrans formatında görüşümüz baş tutdu. Məqsədimiz qarşılıqlı anlaşma əldə olunması idi. Biz müqaviləni birtərəfli şəkildə poza biləcəyimizi düşünürük. Amma hörmət xatirinə bunu etdik ki, dostca ayrılsınlar. Təəssüf ki, klubdan istədiyimiz cavabı ala bilmədik. FIFA-ya müraciət etmək üçün çox gözləmək lazım deyil. Bu, çox sayda şayiələrə səbəb ola bilər. Hər gün Mahirin hansısa klubla danışıqlar aparmasına dair xəbərlər yazılır. Halbuki belə deyil. Hazırda əsas məqsədimiz məsələni həll etməkdir. Hər nə olsa da, Emreli hazırda “Legiya”nın futbolçusudur və müqaviləyə xitam verilməmiş heç bir komanda ilə görüşməyəcək.

- Hazırda vəziyyətin Mahir Emrelinin xeyrinə olduğunu düşünmək olarmı?

- Açığı, bunu demək çətindir. Biz öz üstünlüyümüzə inandığımız üçün bu işin arxasınca gedirik. Amma heç bir tərəfin vəkili bu çəkişməni 100 faiz qazanacağına dair söz verə bilməz. Çünki bu, dünyada nadir rast gəlinən hadisədir və bütün komandanın deyil, 1-2 futbolçunun başına gələn olaydır. Təsəvvür edin, azarkeş gəlir, polisin müşayiəti ilə gedən avtobusu dayandırır və Mahirə yumruq atır. Yəni, bu hadisənin dünyada elə də çox nümunəsi yoxdur. Portuqaliyanın "Sportinq" klubunda bir neçə futbolçu bu cür hadisə ilə üzləşmişdi. Bundan sonra 6 oyunçu klubla müqaviləsi pozdu. Həmçinin Bolqarıstanda belə şey olmuşdu. Əlimizdə bizə kömək edə biləcək bir neçə nümunə var. Müqaviləni pozub məhkəməni udanlar da olub. Ona görə də güclü olduğumuzu düşünürük. Amma dediyim kimi, 100 faizlik heç nə yoxdur.

- Emrelinin ən azı yayadək klubsuz qalma təhlükəsi varmı?

- Xeyr, belə bir təhlükə yoxdur. Müqavilə ləğv olunduqdan sonra azad agent statusu qazanacaq və ardından onunla maraqlanan istənilən kluba keçə biləcək. Bu məsələlərlə agenti ilə məşğul olacaq. “Legiya”dan ayrıldıqdan sonra onu transfer etmək istəyən çox komanda olacaq.

- Sizcə, bu məsələ təqribən nə vaxt həllini tapa bilər?

- Bu həftə içində məsələyə aydınlıq gələ bilər. Hər şey müqaviləyə xitam verilib-verilməməsindən asılı olacaq. Qısa zamanda konkret addımlar atılmalıdır. Bu, FIFA və İdman Arbitraj Məhkəməsində (CAS) ən azı 2-3 il davam edə biləcək məsələdir. Polşa klubuna da buna yaxşı hazırlaşdığımızı bildirdim. Təkcə ərizəmiz 100 sahifəyə yaxındır. FIFA-ya ümumilikdə 200 səhifəlik müraciət nəzərdə tutulub. Biz yenə də problemi klubla qarşılıqlı anlaşaraq həll etmək niyyətindəyik. Kaş, “Legiya” bizdən üzr istəyib futbolçusunun arxasında duraydı. Ya da ilk müraciətimiz zamanı müqavilənin pozulmasına razılıq verəydi. Hazırda Mahirin Polşaya qayıtması müzakirə mövzusu belə, deyil.

- Necə düşünürsünüz: “Legiya” riskləri nəzərə alıb vaxtından əvvəl futbolçu ilə razılığa gələ bilərmi?

- Əlbəttə, FIFA, CAS və ya hər hansı məhkəmə “Legiya” üçün böyük riskdir. Amma hansı addımı atacaqlarını dəqiq bilmirik. Kluba hər cür yaxşılığı edirik. Amma qarşılıq görmürük. “Legiya” hazırda özünü güclü və haqlı göstərməyə çalışır. Gələcəkdə ehtiyac olarsa, bunu FIFA-ya sübut olaraq göstərmək istəyirlər.

- “Legiya”nın Mahir Emreliyə borcu var?

- Futbolçudan bu barədə soruşmamışam. Amma bildiyim qədərilə ödənişlər vaxtında edilir. Məvacibin verilməsi ilə bağlı problem olacağını düşünmürəm. Çünki dediyim kimi, klub özünü yaxşı göstərməyə çalışır. Bəlkə də maaşı bir gün əvvəldən ödəyirlər (gülür).

- Xarici mediada Emrelinin klubu məhkəməyə verdiyi barədə məlumatlar yayılıb…

- Xeyr. Hazırda belə bir şey yoxdur. Müqavilənin ləğvi ilə bağlı yekun qərarı futbolçunun özü verəcək. Mahir “Legiya”ya qayıtsa belə, klubdan məhkəməyə şikayət olunacaq. Bir daha təkrar edirəm, futbolçunun “Legiya”ya dönmək istəməməsi baş vermiş insident və aldığı təhdid mesajları ilə bağlıdır. Həyatı təhlükədə olduğu üçün Polşaya getmir.

Son xəbərlər

Orphus sistemi