Türkiyə Superliqasının 28-ci turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
“Report” xəbər verir ki, oyunu Halil Umut Melerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Oyun erkən qolla başlayıb: artıq 2-ci dəqiqədə “Qalatasaray” Əl-Müsrətinin avtoqolundan sonra hesabda irəli çıxıb. Kərəm Dəmirbayın künc nöqtəsindən ötürməsindən sonra cərimə meydançasında yaranan qarışıqlıq zamanı Əl-Müsrəti topu səhvən tora göndərib.
19-cu dəqiqədə “ağ-qaralar” hesabı bərabərləşdirməyə yaxın olublar: Milot Raşitsanın kornerdən asması zamanı top tirə dəyərək meydanı tərk edib.
40-cı dəqiqədə “sarı-qırmızılar” fərqi artırmağa cəhd etsə də, qapıçı Mert Günokun inamlı oyunu komandanı qoldan xilas edib. Bənzər epizod bu dəfə “Qalatasaray”ın qapısı qarşısında yaranıb: 61-ci dəqiqədə Muslera Gezzalın zərbəsini dəf edib.
88-ci dəqiqədə “Beşiktaş”ın müdafiəçisi Omar Kolli sərt oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, oyun qonaqların minimal üstünlüyə ilə başa çatıb – 1:0.
Xatırladaq ki, "Qalatasaray" "Beşiktaş" səfərindən sonuncu dəfə 9 il öncə 3 xalla qayıdıb.
Qeyd edək ki, 28 oyundan sonra “Qalatasaray” 75 xalla turnir cədvəlinin zirvəsindədir. Digər İstanbul təmsilçisi “Fənərbağça” 73 xalla liderin ən yaxın təqibçisidir. “Beşiktaş” isə 46 xalla dördüncü pillədə qərarlaşıb.


