“Azərbaycanda bu cür şəraitə malik baza yoxdur”.
Bunu “Report”a açıqlamasında “Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Rasim Əliyev Gürcüstanın “Dinamo” (Tbilisi) klubunun akademiyasındakı şəraitlə bağlı danışarkən deyib.
Məşqçi Elxan Abdıyev və qapıçı məşqçisi Yaməddin Əliyevlə birlikdə yeniliklərlə tanış olmaq, təcrübələrini artırmaq məqsədilə 3 gün Gürcüstanda səfərdə olan mütəxəssis təəssüratlarını bölüşüb: “Gürcüstana getməkdə məqsədimiz “Dinamo”nun akademiyası ilə tanış olmaq, məşq prosesini izləmək və əməkdaşlıq etmək idi. Sırf akademiyalarına məxsus böyük bazaları var. Bizim yeni tikilən akademiya, demək olar ki, ora ilə eynidir. Biri kiçik olmaqla 4 meydançaları var. Böyük meydanların hamısında işıqlandırma sistemi olduğundan, məşqləri axşam saat 5-dən sonra keçirlər. Hər yaş qruplarında iki əsas və üç ehtiyat komanda fəaliyyət göstərir. Yəni seçim imkanları çoxdur. Akademiya sırf 10-17 yaş aralığında uşaqlar üçün nəzərdə tutulub. Əsas və əvəzedici komandanın bazası ayrıdır”.
Rasim Əliyev iki klubun aşağı yaş qrupu üzrə komandaları arasında yoxlama görüşlərinin nəzərdə tutulduğunu vurğulayıb: “Məşqçiləri, idman direktorları, koordinatorları ilə görüşdük. “Turan Tovuz” və “Dinamo” akademiyalarının komandaları arasında gələcəkdə Tovuzda və Tbilisidə yoxlama görüşlərinin keçirilməsi müzakirə olundu. Əsas üstün cəhətlərindən biri Avropaya tez-tez çıxmalarıdır. Avropa Klub Assosiasiyaları Akademiyası onlarla əməkdaşlıq edir. Buna görə müntəzəm beynəlxalq turnirlərə yollanırlar. Yaxın aylarda Gürcüstanda turnir təşkil olunmalıdır. “Mançester Siti”, “Yuventus” kimi tanınmış klubların aşağı yaş qrupları üzrə komandaları həmin yarışa qatılacaqlar. Biz də turnirdə qüvvəmizi sınamaq üçün müraciət etdik. Ancaq bildirdilər ki, iştirakçıları Avropa Klub Assosiasiyaları Akademiyası müəyyənləşdirir”.
Koordinatorun fikrincə, azərbaycanlı məşqçilər Gürcüstandakı həmkarlarından daha yaxşıdırlar: “Məşqçiləri heç də bizimkilərdən üstün deyillər. Əksər komandalarının məşqlərini izlədik, məşqçiləri ilə söhbət etdik. Azərbaycanda işləyən məşqçilərin səviyyəsi onlardan yüksəkdir”.
Qeyd edək ki, “Turan Tovuz” Futbol Akademiyasının nümayəndələri Tbilisidə olarkən “Dinamo” Futbol Akademiyasının direktoru Giorgi İvanişvili, koordinatoru Qabriel Jervazi, baş seleksiyaçısı Temuri Uqreçelidze və məşqçiləri ilə görüşlər keçiriblər.